Kremlyanın mətbuat katibi Dmitri Peskov Nyu-Dehlidə keçiriləcək BRICS sammiti ərəfəsində Hindistan mediası üçün təşkil olunmuş onlayn brifinqdə çıxış edərək Ukraynadakı münaqişə və ikitərəfli münasibətlərlə bağlı rəsmi Moskvanın mövqeyini açıqlayıb.
Peskov bəyan edib ki, Rusiya heç vaxt bu hərbi münaqişənin tərəfdarı olmayıb: “Biz heç vaxt bu müharibəni istəməmişik. Biz sadəcə başqa bir tərəfin təhrik etdiyi və daha əvvəl başlatdığı müharibəyə son qoymağa çalışırıq”.
Kreml nümayəndəsi vurğulayıb ki, böhranın kök səbəbləri 2014-cü ildə Ukraynada Qərb ölkələrinin dəstəyi ilə həyata keçirilən dövlət çevrilişinə dayanır. Onun sözlərinə görə, həmin hadisələrdən sonra hakimiyyətə gələn millətçi qüvvələr rusdilli əhaliyə qarşı təzyiqləri artırıb və Ukrayna Rusiyaya qarşı bir tramplin halına gətirilib. Peskov əlavə edib ki, Hindistanın münaqişənin dinc yolla həllinə dair mövqeyi Moskvanın yanaşması ilə böyük ölçüdə üst-üstə düşür və Rusiya Nyu-Dehlinin sülh prosesinə töhfə vermək səylərini məmnuniyyətlə qarşılayır.
Xatırladaq ki, sentyabrın 12-13-də Nyu-Dehlidə keçiriləcək 18-ci BRICS sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə Hindistanın Baş naziri Narendra Modi arasında ikitərəfli görüşün keçirilməsi planlaşdırılır.
İzmedia.az
![]()

