Antibiotiklərə qarşı yüksək müqaviməti ilə seçilən və müalicəsi çətinləşən “EurA1.1” vərəm ştammı Rusiyada yayılmağa başlayıb. “İzvestiya” qəzetinin irlandiyalı alimlərin tədqiqatına istinadən verdiyi məlumata görə, patogenin təhlil edilən genom nümunələri bu variantın əsas birinci və ikinci sıradakı antibiotiklərə, həmçinin bedakvilin və linezolid kimi yeni dərmanlara qarşı davamlı olduğunu üzə çıxarıb.
İlk dəfə 2006-cı ildə Belarusda aşkar edilən bu ştamm Rusiyanın Pskov, Novqorod vilayətlərində və Kareliyada qeydə alınıb. Rusiya Səhiyyə Nazirliyinin mütəxəssisi Anna Panova patogenin hələ ki ölkədə dominant olmadığını bildirib. Kazan Federal Universitetinin mütəxəssisi Albert Rizvanov isə vurğulayıb ki, bu varianta yoluxma zamanı standart müalicə effektiv olmur və xəstələr üçün fərdi dərman seçimi tələb olunur.
Alimlər “EurA1.1” ştammının spesifik xarici simptomlarının olmadığını, patogenin dərmanlara davamlılığını müəyyən etmək üçün mütləq laboratoriya testlərinin aparılmasının vacibliyini qeyd edirlər.
İzmedia.az
![]()

