ABŞ Dövlət Katibi Marko Rubio Afinaya səfəri zamanı “Kathimerini” qəzetinə verdiyi müsahibədə Rusiya ilə Ukrayna arasındakı müharibənin “strateji çıxılmaz vəziyyətə” çatdığını və hazırda diplomatiya yolu ilə həll perspektivinin olmadığını bildirib. Rubio Moskva ilə Kiyev arasındakı ziddiyyətlərin kəskin olduğunu vurğulayaraq, Kremlin Donbas üzərində tam nəzarət tələbini Ukraynanın qəbuledilməz saydığını diqqətə çatdırıb. Vaşinqtonun eskalasiya riskindən narahatlığını ifadə edən Dövlət Katibi, Rusiyanın önümüzdəki qış mövsümündə Ukraynanın enerji infrastrukturunu tam sıradan çıxarmaq niyyətində olduğunu, Ukrayna Silahlı Qüvvələrinin isə Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli zərbələri genişləndirdiyini qeyd edib.
Moskva və Vaşinqton arasındakı təmaslara baxmayaraq, tərəflər arasında hələ ki razılıq əldə olunmayıb. Kremlin mətbuat katibi Dmitri Peskov sülh danışıqları üçün ilkin şəraitin olmadığını, Kiyevin militarizasiya olunmaqda davam etdiyini iddia edib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, eləcə də Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfərlərinə baxmayaraq, “Bloomberg” mənbələri Vladimir Putinin mövqeyində hər hansı yumşalma nümayiş etdirmədiyini bildirir. “The New York Times”ın məlumatına görə, Putin yaxın aylarda Donbasın tamamını nəzarətə götürmək niyyətində olduğunu bəyan etsə də, Amerika tərəfi Moskvanın oxşar vədləri bir il əvvəl də verdiyini xatırladıb.
İzmedia.az
![]()

