Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev xəbərdarlıq edib ki, Rusiya əleyhinə siyasət Avropa İttifaqına artan təzyiq göstərəcək və blok üçün iqtisadi problemlər yaradacaq.
Bu arada, Macarıstanda keçirilən 12 aprel parlament seçkilərində müxalifətdə olan Tisza Partiyası 199 yerdən 138-ni qazanıb. Baş nazir Viktor Orban isə özünün Fidesz — Macarıstan Vətəndaş Alyansı Partiyasının məğlubiyyətini etiraf edib.
Rusiyalı senator sosial şəbəkədə yazıb: “Əslində, indi Avropa İttifaqı üçün ideal bir fırtına yaxınlaşır. Birincisi, Ukrayna üçün 90 milyard avro tapmalı olacaq ki, bu məbləğ Brüssel və digər Avropa paytaxtları üçün ciddi yükdür”. O vurğulayıb ki, bu vəsait Avropa vergi ödəyicilərinin hesabına qarşılanacaq.
Kosaçev əlavə edib ki, Yaxın Şərqdə baş verən hadisələr fonunda yanacaq və kommunal xidmətlərin qiymətləri də artacaq: “Bu isə nə ailələrin, nə də hakimiyyət dairələrinin nikbinliyini artıracaq”.
Senatorun sözlərinə görə, Avropa İttifaqı ABŞ prezidenti Donald Trampı daha çox hərbi xərclərlə razı salmağa məcbur olacaq. O qeyd edib ki, ABŞ-ın ehtiyaclarını ödəmək üçün formalaşdırılan “diversifikasiya edilmiş” iqtisadi model, anti-Rusiya siyasətinin təzyiqi altında, vahid Avropanın problemlərini daha da dərinləşdirəcək.
Kosaçev hesab edir ki, Brüsselin Macarıstanla bağlı əldə etdiyi taktiki qələbə gələcəkdə mümkün strateji məğlubiyyətin qarşısını ala bilməyəcək: “Orban gedir, amma problemlər qalır və onlar qartopu kimi böyüyəcək”.
İzmedia.az
![]()

