Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti alyansdakı mənbələrə istinadən yazıb ki, NATO üzv dövlətləri Almaniyada yerləşən ABŞ qoşunlarının sayının azaldılması imkanını hazırda müzakirə etmir.
Xatırladaq ki, 29 apreldə ABŞ prezidenti Donald Tramp administrasiyasının Almaniyadakı ABŞ hərbi kontingentinin qismən çıxarılmasını nəzərdən keçirdiyini bildirmişdi.
ABŞ lideri bu addımın səbəblərini açıqlamasa da, onun bəyanatı Almaniya kansleri Fridrix Merzin Vaşinqtonun İrana qarşı əməliyyatını tənqid etməsindən və ABŞ-ın “aydın strategiyasının” olmadığını deməsindən sonra səslənib.
Lakin “The Daily Telegraph” qəzetinin məlumatına görə, Trampın sözləri Merzin İranın danışıqlar strategiyası ilə Vaşinqtonu çətin vəziyyətə saldığına dair açıqlamalarına cavab olub.
Nəşr qeyd edir ki, NATO-nun əsas siyasi qərarverici qurumu olan Şimali Atlantika Şurası ABŞ qoşunlarının Almaniyadan qismən çıxarılması məsələsini hələlik müzakirəyə çıxarmayıb.
Mənbələrin bildirdiyinə görə, nə Berlin, nə də Vaşinqton bu ehtimalla bağlı indiyədək rəsmi siqnal verməyib.
Eyni zamanda, qəzetin mənbələri ABŞ qoşunlarının bir hissəsinin Qrenlandiya, Rumıniya, Polşa və ya Yaxın Şərqə köçürülə biləcəyini də istisna etməyiblər.
İzmedia.az
![]()

