İngiltərənin Baş naziri Keir Starmer öz hökumət üzvlərinin ciddi təzyiqi ilə üzləşib. Sky News-un yaydığı məlumata görə, bir neçə nazir şəxsi söhbətlərdə ona Leyborist Partiyasının etimadını itirdiyini bildirib və istefa verməsini tövsiyə edib.
izmedia.az xəbər verir ki, son günlərdə Starmer hökumət daxilində sərt tənqidlər eşidib. Bildirilir ki, xarici işlər naziri Yvette Cooper və müdafiə naziri John Healey də baş nazirə istefa ilə bağlı məsləhət verən şəxslər arasında olub.
Hazırda artıq Leyborist Partiyasından olan 60 deputat açıq şəkildə Starmerin istefasını tələb edib. Son sutkada bu çağırış edən deputatların sayı demək olar ki, iki dəfə artıb.
Siyasi böhran mayın 7-də keçirilən yerli seçkilərdən sonra daha da dərinləşib. Leyborist Partiyası Uels parlamenti yaradıldıqdan bəri ilk dəfə bölgədə nəzarəti itirib və 96 yerdən cəmi 9 mandat qazana bilib.
İngiltərə üzrə isə partiya bələdiyyələrdə təxminən 1400 yer itirib və mövqelərini populyarlığı artan Reform UK partiyasına uduzub. Uelsdə Leyboristlərin lideri Eluned Morgan öz mandatını itirdikdən sonra istefa verdiyini açıqlayıb və London rəhbərliyini “kursu dəyişməyə” çağırıb.
Starmer xalqa müraciətində seçki nəticələrinin “ağır zərbə” olduğunu etiraf etsə də, istefa vermək niyyətində olmadığını bildirib.
“Ölkəni xaosa sürükləmək üçün getməyəcəyəm. Bu, onillik layihədir”, – deyə o vurğulayıb.
Lakin onun açıqlamaları nə partiya daxilində, nə də seçicilər arasında narazılığı azalda bilib. Keçmiş deputat Karl Turner Sky News efirində Starmeri reallıqdan uzaq olmaqda ittiham edib. Deputat Catherine West isə partiya liderinin dəyişdirilməsi proseduruna başlamaq üçün imza toplamağa başladığını açıqlayıb. Bunun üçün 81 deputatın dəstəyi tələb olunur.
![]()
