izmedia.az xəbər verir ki, İspaniya Milli Məhkəməsi dünya şöhrətli müğənni Shakira ilə bağlı vergi işi üzrə qərar qəbul edib. Məhkəmə İspaniya vergi xidmətinin müğənnidən tələb etdiyi 55 milyon avrodan çox məbləğin əsassız olduğunu bildirib və vəsaitin geri qaytarılmasına qərar verib.
Məlumata görə, vergi orqanları Şakiranın 2011-ci ildə İspaniyada 183 gündən çox qaldığını iddia edərək onu ölkənin vergi rezidenti hesab etmişdi. Lakin məhkəmə araşdırması zamanı müğənninin həmin il ölkədə cəmi 163 gün olduğu müəyyənləşib.
Bundan əlavə, vergi xidməti Şakiranın iqtisadi və ailə maraqlarının mərkəzinin həmin dövrdə İspaniyada yerləşdiyini sübut edə bilməyib. Buna görə də məhkəmə vergi borcu və cərimələrin qanunsuz hesab edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, bu qərar yalnız 2011-ci il üzrə vergi məsələsinə aiddir. Şakira daha əvvəl 2012–2014-cü illərlə bağlı başqa vergi işi üzrə də İspaniya prokurorluğu ilə razılığa gəlmişdi.
![]()
