ABŞ son 21 gün ərzində Konqo Demokratik Respublikasına (KDR), Uqandaya və ya Cənubi Sudana səfər etmiş əcnəbilərin ölkəyə girişini müvəqqəti olaraq məhdudlaşdırıb. Bu qərar həmin bölgələrdə Ebola virusunun Bundibuqyo növünün yayılması ilə əlaqədar qəbul edilib. Bu barədə mayın 21-də ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) mətbuat xidməti məlumat yayıb.
CDC-nin açıqlamasında bildirilir:
“Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri son 21 gün ərzində Konqo Demokratik Respublikasında, Uqandada və ya Cənubi Sudanda olmuş xarici vətəndaşların ABŞ-a girişinin dayandırılması barədə qərar qəbul edib”.
Məlumata görə, son 21 gün ərzində həmin ölkələrdə olmuş ABŞ vətəndaşlarının və ölkənin qanuni daimi sakinlərinin ölkəyə girişinə icazə veriləcək.
Bundan əlavə qeyd olunur ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin qərarına əsasən, bu sərnişinlər məcburi tibbi müayinədən keçmək və xüsusi anketləri doldurmaq üçün Vaşinqton Beynəlxalq Hava Limanına yönləndiriləcəklər.
Bildirilir ki, əlavə yoxlamalar xəstəliyin mümkün yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunub.
İzmedia.az
![]()

