ABŞ Maliyyə Nazirliyi üzərində Donald Trump-ın təsviri olan yeni 250 dollarlıq əskinasın dizaynını hazırlayır və mövcud qanunvericiliyə dəyişiklik edilib-edilməməsi ilə bağlı Konqresin qərarını gözləyir. Bu barədə Maliyyə naziri Scott Bessent Ağ Evdə keçirilən brifinqdə bildirib.
Bessentin sözlərinə görə, mövcud qaydalar dövriyyədə olan əskinasların üzərində yaşayan şəxslərin portretlərinin yerləşdirilməsini qadağan edir. Lakin ABŞ-ın 250 illiyinə həsr olunmuş xatirə seriyası üçün istisna nəzərdə tutan qanun layihəsi Konqresdə müzakirə olunur.
Sənəd Respublikaçı konqresmen Joe Wilson tərəfindən təqdim edilib və 2025-ci ilin fevral ayından bəri Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində müzakirə edilir. Bildirilir ki, Xəzinədarlıq Departamenti prosesi aktiv şəkildə izləsə də, yalnız qanun çərçivəsində fəaliyyət göstərəcək.
French Hillin ofisindən bildirilib ki, qanun layihəsi komitə sədri ilə müzakirə olunub və həm Maliyyə Nazirliyi, həm də Ağ Evdən dəstək alıb. Respublikaçılar Partiyasının mənbələri sənədin dinləmələr üçün ilkin təsdiq aldığını qeyd ediblər.
NBC News isə konqresmenlərin layihənin müzakirə mərhələsini və mümkün siyasi dəstəyi təsdiqlədiyini yazıb.
Təsdiqlənəcəyi təqdirdə, bu qanun layihəsi ABŞ-ın 250 illiyinə həsr olunan daha geniş anım tədbirləri paketinin bir hissəsi olacaq. Mart ayında Maliyyə Nazirliyi Trampın imzasının yeni seriya dizaynlarına daxil edilməsi planlarını da açıqlamışdı.
İzmedia.az
![]()

