İran Silahlı Qüvvələrinin “Həzrəti Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı ABŞ-ın son hücumlarından sonra bölgədəki Amerika hərbi bazalarına zərbələr endirildiyini və təcavüzün təkrarlanacağı təqdirdə cavab tədbirlərinin daha genişmiqyaslı olacağını bəyan edib.
Qərargahın Press TV-yə istinadən yaydığı açıqlamada bildirilir: “ABŞ ordusu bilməlidir ki, əgər İran İslam Respublikasına qarşı hər hansı təcavüzü təkrarlayarsa, bölgədəki konkret hədəflərə daha ciddi və genişmiqyaslı zərbələr endiriləcək”.
Açıqlamada qeyd olunub ki, çərşənbə axşamı ABŞ ordusunun İranın cənubunda “vertolyotun vurulması” ilə bağlı iddianı əsas gətirərək həyata keçirdiyi hücumlara cavab olaraq, bölgədə yerləşən bir neçə Amerika bazası İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qüvvələri tərəfindən hədəfə alınıb.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı yaxınlığında İranın hava hücumundan müdafiə sistemlərinə, yerüstü idarəetmə məntəqələrinə və radar stansiyalarına qarşı qırıcı təyyarələrin iştirakı ilə “özünümüdafiə xarakterli” əməliyyatların başa çatdığını açıqlamışdı.
Hücumlar ABŞ-a məxsus “Apache” helikopterinin vurulması ilə bağlı insidentdən sonra həyata keçirilib.
Amerika mediasının məlumatına görə, çərşənbə axşamı günü üç dalğa şəklində zərbələr endirilib.
Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu bölgədəki ABŞ-la əlaqəli hədəflərə raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edib.
İzmedia.az
![]()

