Yəməndəki husi (“Ənsar Allah”) hərəkatının hərbi sözçüsü Yəhya Sari Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft-qaz obyektlərinə və hərbi hava bazasına irimiqyaslı hücum həyata keçirdiklərini bəyan edib. Trend agentliyinin “Al Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə rəsmi açıqlama verilib.
Husi nümayəndəsinin sözlərinə görə, Əbha, Nəcran və Cizandakı “Aramco” energetika obyektləri, eləcə də Xamis Muşaitdə yerləşən hərbi hava bazası zərbələrə məruz qalıb. Əməliyyat zamanı onlarla ballistik raket və pilotsuz uçuş aparatından (PUA) istifadə edildiyini bildirən Sari zərbələrin “dəqiq və birbaşa” olduğunu, Krallığın enerji infrastrukturuna ciddi ziyan vurduğunu iddia edib.
Sözçü bu hücumların Səudiyyə Ərəbistanı koalisiyasının Yəməndə husilərin nəzarətində olan Marib, Əl-Beyda, Hodeydə, Taiz və Əl-Cavf əyalətlərinə endirdiyi 121 hava zərbəsinə cavab xarakteri daşıdığını qeyd edib. O, Ər-Riyadın hava hücumları nəticəsində mülki şəxslərin, o cümlədən qadın və uşaqların həlak olduğunu vurğulayaraq gərginliyin artmasında Səudiyyə tərəfini təqsirləndirib.
Husi rəsmisi həmçinin xəbərdarlıq edib ki, hərəkat gələcəkdə “daha güclü və genişmiqyaslı” cavab zərbələri endirməyə tam hazır vəziyyətdədir.
İzmedia.az
![]()

