ABŞ administrasiyasının tətbiq etdiyi sanksiyalar səbəbindən “Microsoft” Korporasiyası Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə rəqəmsal xidmətlər sahəsində əməkdaşlığı tam dondurub. Qurumun baş müdafiə vəkili Gert-Yan Aleksandr Knops TASS-a müsahibəsində bildirib ki, məhkəmə təcili olaraq alternativ proqram təminatlarına keçmək məcburiyyətində qalıb və bu, vəkillərin işini ciddi şəkildə çətinləşdirib.
Vaşinqtonun ikinci dərəcəli sanksiya təhlidləri səbəbindən beynəlxalq banklar da BCM-ə xidmət göstərməkdən imtina edirlər. Məhkəmənin 900-dən çox əməkdaşının kart xidmətləri və xaricə səfərlərində ciddi problemlər yaranıb, qurum maaşları və vəkil haqqlarını artıq üç aylıq mərhələli sistemlə ödəməyə başlayıb. Hüquqşünaslar Aİ-nin müdafiə mexanizmlərinin də maliyyə sektorundakı riskləri aradan qaldıra bilmədiyini qeyd edirlər.
ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin fevralında imzaladığı sərəncamla başlayan sanksiya dalğası “The Wall Street Journal”ın məlumatına görə daha da genişləndirilir. Vaşinqton məhkəməni ABŞ və İsrail kimi müttəfiqlərinə qarşı “qanunsuz iddialar” irəli sürməkdə günahlandıraraq dollar əməliyyatlarını tam bloklamaqla qurumun fəaliyyətini dayandırmağı hədəfləyir.
İzmedia.az
![]()

