Cəlilabadda saxta əlilliklə bağlı komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə

1 Min Read

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının sabiq sədri Könül Zakir qızı Əliyeva və həmin xəstəxananın Məmmədrzalı tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş İltizam Əzimovun cinayət işi üzrə bəzi detallar ortaya çıxıb.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasları zamanı məlum olub ki, təqsirləndirilən İltizam Əzimov əlillik dərəcələrinin təyin edilməsi ilə əlaqədar vətəndaşlardan 58 min manat rüşvət alaraq Könül Əliyevaya verib.

 

Lakin bir müddət sonra məlum olub ki, Könül Əliyeva sözügedən məsələ ilə bağlı işləri həll etməyib. İltizam Əzimov bu səbəbdən onu aidiyyəti orqanlara şikayət edib.

 

Proseslər zamanı bildirilib ki, zərərçəkənlərdən rüşvət qismində alınan pulların hamısı qaytarılıb. Buna görə də onlar şikayətçi olmayıblar. Həmin şəxslər məhkəmə iclaslarında şahid qismində ifadə veriblər.

 

Həmçinin məhkəmə iclaslarında bildirilib ki, rüşvət müqabilində sosial müavinət düzəltmək istəyən şəxslərin sosial müavinətləri kəsilib və Dövlət Sosial Müdafiə Fondu ödənilən məbləğləri həmin şəxslərdən geri tələb edir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş