Livanın mədəniyyət naziri Həsən Səlameh bildirib ki, İsrailin iyunun 7 və 8-də həyata keçirdiyi intensiv hava hücumları nəticəsində Tir şəhərində yerləşən tarixi abidələrə ziyan dəyib.
Nazirin sözlərinə görə, bombardmanlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş ərazilərin yaxınlığını, o cümlədən qədim aqora (meydan) və Roma kolonnadasının yerləşdiyi zonaları hədəf alıb.
Səlameh beynəlxalq ictimaiyyəti Tir şəhərinin tarixi irsinin qorunması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb. O xatırladıb ki, qədim hippodrom və türbələr də İsrailin əvvəlki hücumları nəticəsində zərər görmüşdü.
Nazir həmçinin İsraili Silahlı Münaqişələr Zamanı Mədəni Sərvətlərin Qorunması haqqında Haaqa Konvensiyasının müddəalarını pozmaqda ittiham edib.
Cənubi Livandakı Arxeoloji Abidələrin Qorunması Departamentinin direktoru Əli Bədəvi isə Əl-Mina arxeoloji parkında yerləşən sütunlara, kapitellərə və mozaikalara ziyan dəydiyini bildirib.
Onun sözlərinə görə, dağıntıların real miqyası yalnız hərbi əməliyyatlar dayandırıldıqdan və arxeoloqların əraziyə təhlükəsiz girişinə şərait yaradıldıqdan sonra tam müəyyən edilə biləcək.
İzmedia.az
![]()

