Qazaxıstan rəsmisi: “Soyuz-5” raketinin uğurlu buraxılışı yeni layihələrə yol açır

1 Min Read

Qazaxıstanın Rəqəmsal İnkişaf, Müdafiə və Aerokosmik Sənaye Nazirliyinin Aerokosmik Komitəsinin sədri Baubek Oralmaqambetov bildirib ki, “Soyuz-5” kosmik raketinin uğurla buraxılması gələcək iddialı layihələrə yol açıb.

O qeyd edib: “Böyük bir hadisə baş verdi. Tamamilə yeni “Soyuz-5/Sunkar” daşıyıcı raketi “Baiterek”dəki tam modernləşdirilmiş buraxılış meydançasından havaya qalxdı. Bu, Qazaxıstan prezidentinin və tərəfdaş ölkələrin hökumətlərinin dəstəyi ilə mümkün olan uzun bir yolun nəticəsidir”.

Qazaxıstan rəsmisi əlavə edib ki, bu uğur strateji və texnoloji tərəfdaşlıq, eləcə də qarşılıqlı etimad sayəsində əldə olunub.

“İnanırıq ki, bu uğur gələcək iddialı layihələr üçün möhkəm təməl rolunu oynayacaq”, – deyə o bildirib.

Oralmaqambetov həmçinin Rusiyanı və onun dövlət kosmik korporasiyası olan “Roskosmos”u uğurlu buraxılış münasibətilə təbrik edib.

Qeyd edək ki, “Soyuz-5” Samarada yerləşən “Proqress” Raket və Kosmik Mərkəzi tərəfindən hazırlanmış orta sinif daşıyıcı raketdir. Pilotsuz kosmik aparatları müxtəlif aşağı Yer orbitlərinə çıxarmaq üçün nəzərdə tutulan raket iki mərhələli buraxılış sisteminə malikdir.

Məlumata görə, raket sınaqdan keçmiş texnoloji həllərdən istifadə edir və ekoloji cəhətdən təmiz yanacaq komponentləri hesabına ətraf mühit üçün daha təhlükəsiz sayılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş